Bugün, noyabrın 8-i Azərbaycanda Zəfər Günü qeyd edilir. Ötən il bu gün Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad edib.
2020-ci ilin noyabrın 8-i Prezident İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edib. “Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi, bütün məscidləri bərpa edəcəyik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”, – deyə ölkə başçısı qeyd edib.
Şuşa şəhəri Azərbaycan üçün həm mənəvi, həm də strateji əhəmiyyət daşıyır. Bu ilin 7 may tarixində Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Şəhər daniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerləşir. Lakin Azərbaycan ordusu qanı bahasına olsa belə maneələri aşaraq məqsədinə çatıb. Şuşa azad edilib.
Fransanın “Le Monde” qəzetinin reportyoru Şuşadan gələn Azərbaycan əsgərlərin əsasən güllə və bıçaq yaraları almasını yazıb. Bu isə Şuşanın əlbayaxa döyüş nəticəsində azad edilməsinə bir işarədir.
Şuşa işğal altında olduğu dövrlərdə şəhərin üç məscidi (Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı) dağıdılıb. Hazırda ibadətgahlarda təmir-bərpa işləri aparılır.