Azərbaycanın tanınmış İslam alimi Seyyid Əbdül-Qəni Maştağai Badkubei 1845-ci ildə Bakının Maştağa qəsəbəsində dünyaya gəlib. O, böyük alim Seyyid Yusifin oğlu olub.

Mir Əbdül-Qəni ibtidai dini fənləri atasından və yerli ruhanilərdən öyrənib. 1863-cü ildə isə Seyyid Maştağai İraqın Nəcəf şəhərinə köçüb və təhsilini oranın dini hövzəsində davam etdirib. Nəcəfdə ona Seyyid Məhəmməd Kuhkəməri, Mirzə Məhəmməd Şirazi, Həbibullah Rəşti və Fazil İrəvani kimi böyük alimlər müəllimlik edib.

Ali elmi məqamlara yüksəldikdən sonra alim Samirra və Bağdad şəhərlərinə köçüb. Oranın alimlərinin elmindən bəhrələnən Əbdül-Qəni Maştağai 1887-ci ildə Bakıya qayıdıb. O, vətənində dini maariflənmə, moizə və İslam təbliği ilə məşğul olub.

Seyyid Mir Əbdül-Qəninin qardaşı Mir Vahab Badkubei də Azərbaycanın böyük fəqihlərindən olub. O, Bakı şəhərinin baş qazısı (dini hakim) vəzifəsində çalışıb. Dəyərli alim, həmçinin xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə onun öz xahişi ilə əhkam (şəriət qaydaları) dərsləri keçib.

Seyyid Rəsul adlı Maştağa qəsəbə sakini Ayətullah Mir Əbdül-Qəninin kəramətli bir şəxs olduğunu deyib. Onun sözlərinə görə, uzun zaman Maştağada yağış yağmırdı və güclü quraqlıq idi. Yerli sakinlər alimin yanına gedib ondan Allaha yağış üçün dua etməsini istəyiblər. Seyyid Maştağai kənd məktəbinin arxasında hündür bir yerə çıxıb camaatla “istiqsa” namazı (yağış yağması üçün qılınan namaz) qılıb. Alim namazdan sonra Allaha dua edib və qısa zaman ərzində göy qara buludlarla dolub, daha sonra isə yağış yağıb.

Ayətullah Mir Əbdül-Qəni Maştağai Badkubei 1913-cü ildə vəfat edib. O, Maştağa Cümə məscidinin minarəsi yanında dəfn edilib. Lakin 1937-ci ildə sovet hakimiyyəti məscidin minarəsini dağıdıb. Alimin məzarını zədələməmək üçün onu qəsəbədəki “Aqil baba” adlanan qəbiristanlığa köçürüblər.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Qafqaz – Həzrət Ayətullah Mir Əbdülqəni Maştağai Badkubeinin həyatı
  3. aypara.tv

Şəkil: aypara.tv