4 oktyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəşri olan “Vətən və İman” kitabının təqdimat mərasimi keçirilib. Kitab Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin imanlı mübarizəsini əsk etdirir.
Mərasimdə QMİ-nin sədri Allahşükür Paşazadə çıxış edib: “Azərbaycan xalqı Vətən müharibəsində Zəfərinin birinci ildönümünü qeyd edir. 44 gün ərzində haqq mübarizəsi həyata keçirərək 30 il davam etmiş işğala son qoyuldu. Qələbəmizin qüvvətverici amilləri — dövlət-xalq birliyi və dini-mənəvi vəhdətdir. Azad Qarabağda dövlət bayrağının dalğalanması və azan səsinin ucalması bizlər üçün böyük nemətdir. Qələbədə hər bir azərbaycanlının payı vardır. Şəhidimizin bizlərin üzərində haqqı var. Allah-Təala onlara rəhmət eləsin. Sağlamlığını itirmiş qazilərimizə Allah şəfa versin. Ermənistanın işğalçılıq siyasətini, məscidlərin dağıdılmasını və orada İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəzləri, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatlar vasitəsilə məlumatlandırılıb.”
Daha sonra Allahşükür Paşazadə qeyd edib ki, nəşr olunmuş kitabda heç yerdə dərc olunmamış məlumatlar öz əksini tapıb. Bu kitabın daha çox insanın diqqətinə çatdırılması üçün onun ingilis dilinə tərcüməsi üzərində hazırda işlər aparılır.