Məscid Cəlilabad rayonunun Hasıllı kəndində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aid edilir.

İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa edilib. Məscidin döşəməsi, həmçinin kərpicdəndir. İbadətgahın tavanı düzbucaqlı formadadır və dörd sütun üzərində dayanır. İbadət evinin damı kirəmitlə örtülüb və orada güldəstə formasında günbəz yerləşir. Məscid minarəsiz inşa edilib. İbadətgahın dörd tağvari giriş qapısı və yeddi pəncərəsi var. Pəncərələr şəbəkəlidir və rəngli şüşələrlə işlənib. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınların ibadət zalı ikimərtəbəlidir. Məscidin əsas zalında mehrab və taxta minbər yerləşir.

18 noyabr 1918-ci ildə ibadətgah yandırılıb. Lakin sonralar məscid yerli sakin Hacı Mirhüseyn ağa tərəfindən bərpa edilib. Hacı Mirhüseynin oğlu Mirməhəmməd Nəcəf hövzəsinin (mədrəsə) tələbəsi olub, nəvəsi Mirhəsən isə Hasallı kəndində Quran və şəriətdən dərs deyib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.