Məscid Quba rayonunun Rustov kəndində yerləşir. İbadət evi 1902-1903-cü illərdə inşa edilib. İbadətgah xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib. Məscidin divarında bir neçə kitabə mövcuddur. Kitabələrdə buranın Molla Mustafa məscidi adlandırılması və inşa tarixi qeyd olunub.
İbadət evi kərpicdən inşa olunub və düzbucaqlı formaya malikdir. Məscid ikimərtəbəlidir. İkinci mərtəbədə qadınlar şöbəsi yerləşir. İbadətgahın döşəməsi daş plitədən, tavanı isə taxtadandır. Tavan doqquz sütun üzərində dayanır. Məscidin damı dəmir təbəqə ilə üzlənib. İbadətgahın güldəstə formasında bir günbəzi var, minarəsi isə yoxdur. Məscidin pəncərələri tağvari formadadır. İbadət zalında hündürlüyü 5 metr olan mehrab yerləşir.
Sovet dövründə məscid anbar və mağaza kimi istifadə edilib. 1991-ci ildən sonra ibadət evinin fəaliyyəti bərpa olunub.
2008-ci ildə ibadətgahda təmir-bərpa işləri görülüb, ətrafında köməkçi binalar tikilib.
Rustov kəndi Molla Mustafa məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
- http://www.mct.gov.az