Məscid Masallı rayonunun Qızılağac kəndində yerləşir. İbadətgah 1990-cı ildə yerli sakinlər tərəfindən tikilib.

Məscid kərpicdən inşa edilib. İbadətgahın döşəməsi qırmızı kərpicdən, tavanı taxtadan, dam örtüyü isə qırmızı kirəmitdəndir. Tavan düzbucaqlı formadadır və beş taxta sütun üzərində dayanır. İbadət evinin tağvari formada üç giriş qapısı və beş pəncərəsi var. Pəncərələr şəbəkə və rəngli şüşələrlə işlənib. Məscidin güldəstə formasında dördguşəli günbəzi var. İbadətgahın minbəri taxtadandır və üçpilləlidir.

Hazırkı məscidin yerində XVI əsrdə köhnə məscid mövcud olub. Sovet dövründə ibadət evi taxıl və tərəvəz anbarı kimi istifadə olunub. Bu məscidin yararsız hala düşməsinə səbəb olub. Buna görə 1990-cı ildə köhnə ibadətgah sökülüb və yerində yeni məscid inşa edilib. Bu barədə məscidin üzərindəki daş kitabədə yazılıb.

Məscidin həyətində vaxtilə mədrəsə olub. Lakin bu mədrəsə binası 1934-cü ildə sökülüb. 1994-cü ildə həmin yerdə yerli sakin Hacı Həsənağa Hüseynpaşa oğlunun şəxsi vəsaiti hesabına yeni mədrəsə binası tikilib.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.