Dağıstanda Peyğəmbərin (s) mövludu günü (27 oktyabr) Əhli Beyt (ə.s) məscidinin açılışı olub. Məscidin axundu azərbaycanlı Hacı Vəfadar təyin edilib. Bu barədə 29 oktyabr tarixində ABNA xəbər verib.
İbadətgah Dağıstanın Qizlər rayonunun Böyük Bredixin kəndində yerləşir. Burada əsasən azərbaycanlıların çoxluq təşkil etdiyi bildirilir. Açılış zamanı azərbaycan dilində edilən çıxışlar və Peyğəmbərə (s) oxunan mədhiyələr buna işarədir.
Məclisdə Maxaçkala məscidinin axundu Kərbəlayı Nuri Məmmədzadə iştirak edib. O, yeni məscidin açılışının Əhli Beyt (ə.s) məktəbinin bölgədə yayılmasının göstəricisi olduğunu qeyd edib. Kərbəlayı Nurinin sözlərinə görə, ibadət evinin tikintisi zamanı çoxlu çətinniklər yaranıb. Lakin buna baxmayaraq bu işdə yardımçı olan hər kəs öz vəzifəsini ləyaqətlə yerinə yetirib.
Dağıstanda Əhli Beyt (ə.s) məktəbinin davamçıları müsəlmanların yalnız kiçik bir hissəsini təşkil edir. Onların əksəriyyəti azərbaycanlılardır. Bugün orada təqribən 210 min şiə yaşayır. Onlarda 200 min insan Dərbənddə, 4 min paytaxt Maxaçkalada, 1500 nəfər isə Qizlər rayonunda məskunlaşıb.