Məscid Astara rayonunun Pensər kəndinin Seyid Cəmaləddin Qaraxan küçəsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1314-cü ildə (1896) inşa olunub. İnşa tarixi məscidin giriş qapısının yanında olan daş kitabədə həkk olunub.

İbadətgah yerli xeyriyyəçi Hacı Teymur tərəfindən inşa edilib və onun məzarı məscidin ərazisində yerləşir. Bu səbəbdən ibadət evi Hacı Teymurun adını daşıyır. Məscidin həyətində, həmçinin Hacı Teymurun oğlu Hacı Osman və “Camal Paşa” kimi tanınan türk zabiti Yusif Camal bəyin qəbrləri yerləşir. 1919-cu ildə Camal Paşanın rəhbərliyi altında osmanlı qoşunu Lənkəran qəzasına gəlib. Onlar yerli əhaliyə ermənipərəst Şevkunov və polkovnik Avetisovun törətdiyi soyqırımdan xilas olmağa yardım ediblər. Yusif Camal bəy və Hacı Osman bu quldur dəstələri ilə döyüşdə həlak olub və öz vəsiyətlərinə əsasən burada dəfn ediliblər.

Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin döşəməsi kərpicdən, tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. Tavan dörd sütun üzərində dayanır. İbadət evinin ön tərəfində taxtadan tağvari formada dörd böyük, bir kiçik pəncərə və iki giriş qapısı var. Pəncərələr şəbəkəlidir və rəngli şüşələrlə işlənib. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün onun önünə dam artırılıb.

İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir və oraya giriş ayrıdır. İbadətgahın mehrabı və üçpilləli minbəri var. Məscidin sol tərəfində minarə ucaldılıb. Minarənin hündürlüyü 15 metrdir və onun üst hissəsi dəmir təbəqə ilə örtülüb.

Sovet dövründə ibadət evi anbar, 1984-cü ildən isə klub kimi istifadə edilib. 1994-cü ildə məscidin fəaliyyəti bərpa olunub.

Astara rayonu Hacı Teymur məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://kataloq.gomap.az
  4. http://www.mct.gov.az
  5. https://cenub.az