Oktyabrın 29-u Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik” mövzusunda konfrans keçirib. Bu barədə qurumun saytında xəbər verilib.

Tədbirdə DQİDK-nin sədri Səyavuş Heydərov deyib ki, İranın təsirinə düşən bəzi vətəndaşlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Sədrin sözlərinə görə, ölkədə olan multikultural və tolerant ənənələr çoxlarını qane etmir.

Bəzi qüvvələr Azərbaycanda dinin siyasiləşdirilməsi və məzhəbçilik meyllərinin gücləndirilməsi istiqamətində canfəşanlıqla çalışırlar”, – deyə Səyavuş Heydərov qeyd edib. DQİDK rəsmisi dövlətin öz ideologiyasını qorumağa yetərincə gücü olduğunu bildirib. O bu kimi halların indi və gələcəkdə qarşısının alınacağını deyib.

Bundan öncə, oktyabrın 15-i DQİDK-nin sədri dini radikalizmdən danışıb. O, radikal və ekstremist qrupların ölkədə hər hansı bir hərəkətinin mümkünsüzlüyünü bildirib.