Məscid Bakının Sabunçu qəsəbəsində, Mehdi Hüseynzadə küçəsində yerləşir. İbadət evi 1897-ci ildə xeyriyyəçi Əli bəy Aşurbəyov tərəfindən inşa edilib.

Məscid ikimərtəbəlidir və yonulmuş sal daşlardan tikilib. İbadət evinin tavanı 12 tağla birləşmiş sütunlar üzərində dayanır. İbadətgahın 5 metr hündürlüyündə mehrabı və bir minbəri var. Minbər usta Abbas adlı şəxs tərəfindən hazırlanıb. Məscidin günbəzinin diametri 6 metr təşkil edir. İbadət zalında çəkisi 450 kiloqram olan böyük çilçıraq asılıb.

1937-1992-ci illərdə ibadət evi anbar və sex kimi istifadə edilib. Burada dəfələrlə yanğın hadisələri də baş verib. 1992-ci ildə isə ibadət evinin fəaliyyəti bərpa olunub. Həmin ildə məsciddə Məhəmmədkərim Məhəmmədtağı adlı şəxs tərəfindən təmir-bərpa işləri aparılıb.

Sabunçu qəsəbəsi Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.mct.gov.az