Oktyabrın 28-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov dinşünas Elşad Mirinin kitabının idxalına qoyulan qadağa haqqında danışıb. Bu barədə savash.org xəbər verib.
DQİDK rəsmisinin sözlərinə görə, Elşad Mirinin “İslamda yoxdur” adlı kitabında seyyidlər İblislə müqayisə olunur. Bu səbəbdən kitabın idxalına qadağa qoyulub.
“Seyyidi və ya başqa bir insanı İblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbul edilməzdir”, – deyə Gündüz İsmayılov bildirib. O, ölkə məhkəmələrinin də bu mövqeyi haqlı saydıqlarını qeyd edib.
Gündüz İsmayılov Elşad Mirinin iddialarını bəzən ciddi, bəzən isə sarkazmla cavablandırdığını deyib. “Fikirləşmişəm ki, Elşad Miridir də. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır”, – DQİDK-nin sədr müavini qeyd edib.
Sədr müavini bir dinşünasın ərəb dilini bilməməyinə də fikir bildirib: “Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur. Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtında tərcümə etmisiz!”. Gündüz İsmayılov bunu ingilis dilini bilməyən insanın Şekspirin əsərlərini tərcümə etməsi ilə müqayisə edib.
2018-ci ildə Azərbaycanda Elşad Mirinin “İslamda yoxdur” adlı kitabının çap olunmasına qadağa qoyulub. Kitabda hurilərin, seyyidliyin, ölüyə Quran oxumağın və Peyğəmbərlərin məsumluğunun İslamda olmaması kimi mövzular müzakirə edilir.
Qoyulan qadağadan sonra isə Elşad Miri kitabı xaricdə çap edib Azərbaycana idxal etmək qərarına gəlib. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu işə icazə verməyib.