Məscid Astara rayonunun Bala Şahağacı kəndinin Qarabağ küçəsində yerləşir. İbadət evinin bünövrəsi 1992-ci ildə yerli əhali tərəfindən qoyulub.

Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadətgah düzbucaqlı formaya malikdir. İbadət evi əsasən qırmızı kərpicdən və qismən mişar daşından tikilib. Məscidin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın taxtadan tağvari formada üç pəncərəsi və iki giriş qapısı var. Qapıların üst hissəsi və pəncərələr şəbəkə ilə işlənib. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün onun önünə yeddi dəmir dirək üzərində dam artırılıb. İbadət evinin sağ və sol tərəfində iki dairəvi minarə ucaldılıb. Minarələrin hündürlüyü 13 metrdir, onların üst hissəsi dəmir təbəqə ilə örtülüb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. kataloq.gomap.az