Oktyabrın 24-dü Bakının Şüvəlan qəsəbəsində dini şuarlar altında keçirilən toyda saxlanılanlar olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Oxu.az-ın verdiyi məlumata əsasən, keçirilən toy məclisində bir neçə nəfərdə COVID-19 pasportu olmayıb. Karantin qaydalarını pozduqlarına görə həmin şəxslər 200 manat məbləğində cərimə ediliblər. Şənliyin avtomobil karvanında iştirak edən 16 sürücünün avtomobilləri avtoxuliqanlıq hərəkətlərinə görə cərimə dayanacağına yerləşdirilib. Avtomobil karvanının dini mahnılar və bayraqlar altında hərəkət etməsi qeyd olunub.
Toyda, həmçinin axtarışda olan Füzuli Malıyev adlı şəxsin olması bildirilib. O və toyun təşkilatçıları Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 139.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam edir.