Pir Qəbələ rayonunun Həmzəli kəndində yerləşir. Burada Şıx Baba adı ilə tanınan dövrünün şeyxi və alimi dəfn olunub. Şıx Babanın adı və türbənin tikilmə tarixi dəqiq məlum deyil.

Şeyxin məzarı, məqbərəsi və türbədə olan kitabələr əvvəlki görkəmini itirib. Pirin Həmid adlı xadimi burada dəfn olunan alimlərin nəslindən olduğunu bildirib. Onda olan 1867-ci ilə aid tarixi sənədlərdə Şıx Babanın adı “ariflərin qütbü”, “mövlana” və “seyyid Məhəməmd” kimi qeyd olunub. Bu ləqəblərə görə, Şıx Babanın nüfuz sahibi olduğu ehtimal edilir. Buna, ziyarətgahın ətrafındakı yerli əhəmiyyət kəsb edən qəbiristanlığın salınması da işarə edir.

Məqbərədə, həmçinin alim Mövlana Sədrəddin dəfn olunub. Onun məzarı üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Sinə daşının üzərində Quran ayələri həkk edilib. Burada olan kitabədə ərəbcə mərhumun adı yazılıb: “Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012-ci il (1603-1604)”. Başdaşının üzərində isə Qurandan ayələr qeyd olunub.

Mövlana Sədrəddinin Şeyx Məhəmmədin davamçılarından olduğu ehtimal edilir.

Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı-2010.
  2. http://www.mct.gov.az