Məscid Astara rayonunun Şiyəkəran kəndinin Abbas Səhhət küçəsində yerləşir. İbadət evi 1906-cı ildə inşa olunub.
Məsciddə eyni anda 95 nəfər ibadət edə bilər. İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. Tavan üç taxta sütun üzərində dayanır. Məscidin ön tərəfində iki giriş qapısı və iki böyük pəncərə, yan tərəfində isə iki balaca pəncərə var. Pəncərələr şəbəkəlidir. İki giriş qapılarına pilləkənlər çəkilib və üstlərində yağışdan qorunmaq üçün dam tikilib. İbadət evində mehrab və üçpilləli minbər yerləşir. Mehrabın üst hissəsi üçkünc formadadır.
Sovet dövründə məscid anbar kimi istifadə olunub.
Əvvəllər ibadətgahın yerində köhnə məscid var idi. Lakin köhnə ibadət evi yağış nəticəsində yararsız hala düşdüyündən sökülərək yeni məscid tikilib.
Astara rayonu Şiyəkəran kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az
- http://www.mct.gov.az