Bugün, rabiul-əvvəl ayının 17-i (24 oktyabr) Həzrəti Məhəmməd Peyğəmbərin (s) mövlud günüdür. Həzrətin mövludunun tarixi ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi rəvayətlərə görə, Peyğəmbər rabiul-əvvəl ayının 12-də, bəzi rəvayətlərə görə isə 17-də anadan olub. O, miladi təqvimi ilə 570-ci ildə Məkkə şəhərində Qureyş tayfasında dünyaya gəlib. Atası Abdullah ibn Əbdülmütəllib, anası isə xanım Aminədir.

Məhəmməd Peyğəmbər (s) Allahın göndərdiyi 124 min peyğəmbərdən (ə.s) sonuncusudur. Həzrəti Məhəmmədin fərqləndirici xüsusiyyəti ondadır ki, o, digər Allah elçiləri kimi ayrıca şəhərlərə, kəndlərə və insanlara deyil, ümumi yer üzünə hidayət və rəhmət üçün göndərilmişdir. “Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” (Ənbiya surəsi 107-ci ayə).

Digər elçilərin qanunları müvəqqəti xarakter daşıdığı halda, Məhəmməd Peyğəmbərin qanunları qiyamətə qədər qüvvədə olacaq.

Həzrəti Məhəmməd (s) Allah rəsulları (ə.s) arasında ən yüksək məqam sahibidir və onun peyğəmbərliyinə şəhadət gətirmək İslam dininin sütunlarından biridir.