Bugün, rabiul-əvvəl ayının 17-i (24 oktyabr) İmam Cəfəri-Sadiqin (ə.s) mövlud günüdür. İmam Sadiq on iki İmamların (ə.s) altıncısı və Cəfəri məktəbinin təməlini qoyan şəxs olub. Həzrətin adı Cəfər, ləqəbi Sadiq, künyəsi isə Əbu-Abdillahdır.

İmam Sadiq (ə.s) hicrətin 80-ci ilində dünyaya göz açıb və 68 il ömür sürüb. Atası İmam Məhəmməd Baqir (ə.s), anası isə xanım Ümmi Fərhə idi. İmam Sadiq imamlıq zirvəsinə hicrətin 114-cü ilində çatıb. Həzrətin imaməti zamanı Əməvilərin həkimiyyətinə son qoyulub və həkimiyyət Abbasilər sülaləsinin əlinə keçib.

Tarixi mənbələrdə İmam Cəfərin (ə.s) dörd min şagirdi olduğu bildirilir. Şagirdlərindən biri onun barəsində belə nəql edib: “Bir müddət idi ki, Cəfər Sadiqin hüzuruna gedirdim. Həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. Onun hüzurunda Rəsulullahın (s) adı çəkildikdə, rəngi dəyişərdi. Həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52).

Əbu Hənifə Həzrəti Sadiq (ə.s) barədə deyib: “Mən fəqihlikdə Cəfər ibn Məhəmməddən daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222).