Ziyarətgah Qobustan şəhərində yerləşir. Pir 1402-ci ildə qayada yonulmuş mağarada inşa edilib. Burada dövrün şeyxlərindən sayılan Diri Baba dəfn olunub. Diri Babanın adı barədə dəqiq məlumat yoxdur.

1630-cu illərdə buraya gəlmiş alman səyyah və alim Adam Oleari Diri Babanın Seyyid İbrahim adlı şəxsin müridi olduğunu deyib. Hesab edilir ki, Diri Baba Seyyidin tövsiyəsinə əsasən, daim dizi üstə oturub dua edərdi. Seyyid İbrahimin məzarı zəmanəmizədək gəlib çatmasa da, Olearinin sözlərinə görə, o, bu pirə yaxın ərazidə yerləşir.

Türbə ikimərtəbəlidir və ağ daşlardan tikilib. Birinci mərtəbə iki otaqdan, ikinci mərtəbə isə bir böyük zaldan ibarətdir. Bu zalda, dağın arasında bir yer var. Həmin yerdə sərdabə olduğu güman edilir.

Ziyarətgahın bir neçə kitabəsi olsa da, onlardan yalnız birini bərpa etmək mümkün olub. Kitabədə ərəbcə yazılıb: “Ən böyük sultan, xalqların ixtiyar sahibi, sultan oğlu sultan, cəlal əd-dünya və əd-din Şeyx İbrahim xanın – Allah onun dövlət və hökmranlığı əbədiləşdirsin və hər iki dünyanı onun dəlili ilə aydınlaşdırsın – hakimiyyəti günlərində səkkiz yüz beşinci (1402-1403) ilin aylarında. Onu (kitabəni) dərviş yazdı”.

Türbənin baştağındakı kitabədə abidə memarının atasının adı həkk olunub. Lakin bugünədək kitabənin yalnız bir hissəsi salamat qalıb. Orada yazılıb: “…Ustad ibn Hacı (Hacının oğlu Ustad…)”.

Qobustan şəhəri Diri Baba ziyarətgahı ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Alxas Alxasov. Müqəddəs ziyarətgahlar. Bakı-2011.
  2. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
  3. http://www.mct.gov.az