Prezident İlham Əliyev Zəngilan məscidinə səfər edib. Bu barədə oktyabrın 21-i report xəbər verib.
Ölkə başçısı oktyabrın 20-si Zəngilan rayonuna səfəri zamanı rayon məscidinin bərpa işlərinin başlanmasını və ibadətgahın tam olaraq bərpa olunacağını bildirib. O, sovet hakimiyyəti zamanı ibadətgahın klub və ya anbar kimi istifadə olunmasını qeyd edib. Prezident məscidin və onun qədim hissələrinin bərpası işlərinin başlanmasını deyib.
“Heydər Əliyev Fondu məscidin bərpası ilə məşğuldur, artıq orada lövhələr də qoyulub”, – deyə İlham Əliyev bildirib.
Zəngilan məscidinin keçmiş axundu görülən işlərə görə İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürünü ifadə edib. “Əslində, siz bizə ikinci dəfə Zəngilanda yaşamağı qismət edibsiniz”, – ibadətgahın axundu deyib.
Zəngilan məscidinin tarixi ХVII-ХVIII əsrlərə aid еdilir. İbadət evinin Səfəvilər dövründə inşa olunması güman edilir. Əvvəllər ibadətgahın qapısı tağvari formada idi, məscidin içərisində isə mehrab və taхca olub. İbadət evinin qapısının üst hissəsində kitabə var idi. Lakin Qarabağın işğalı zamanı məscid dağıdılaraq yararsız vəziyyətə gətirilib.
2021-ci ilin 26 aprel tarixində Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib və məscidin təməl daşını qoyub. Hal-hazırda ibadət evinin təmir-bərpa işləri davam etdirilir.