Pir Lerik-Lənkəran şose yolunda, Varzavu çayının kənarında, Babagil kəndində yerləşir. Ziyarətgahın tarixi XV-XVI əsrlərə aid edilir. Buradakı türbədə Babagil adlanan ruhani-alim dəfn olunub. Tarixdə onun tayfa başçısı və ariflərin sultanı olması qeyd olunub. Bəzi mənbələrə görə, Babagilin əsl adının Nizaməddin Əmir Şahsevər Gilani Kəngəri olması hesab edilir.

Bir gün lerikli xeyriyyəçi İslam Hacı Sadıq oğlu Kərimov yuxusunda Babagilin qəbrinin üzərində məqbərə tikdirməsini görüb. Yuxusunu atasına danışıb. 1998-1999-cu illərdə isə kənd camaatı ilə məsləhətləşib qəbrin üzərində məqbərə ucaldıb. Layihənin memarı Hacı Ağamirzə Mirzəyev adlı şəxs olub. Bu barədə türbənin üzərindəki kitabədə də qeyd olunub.

Yerli sakinlərin sözlərinə görə, Babagil sözünün mənası Gilani Baba deməkdir. Qeyd olunan alim İranın Gilan ostanından Astaraya gəlmiş və buranın Asnaqaran kəndində yaşamışdır.

Elmlər Akademiyasının Tarix İnstitutunun arxivində türbədən götürülmüş altı tarixi sənəd saxlanılır. Bu sənədlərdə 1609-1788-ci illəri əhatə edən pirə aid maraqlı məlumatlar qeyd olunub. Sənədlərdə yazılan məlumatlara əsasən, Babagil kəndinin adı əvvəllər talışça “Asnaqaran” (Dəmirçilər) olub. Sonralar kəndin bəzi əraziləri məqbərəyə vəqf edilib və Babagilin övladlarının mülkiyyəti sayılıb. Vəqfə əkin sahələri, otlaq sahələri, ağaclar, çəmənlər, çeşmələr və çaylar daxil idi. Səfəvi hökmdarı Şeyx Səfiəddinin zamanında Babagil məqbərəsinin vəqfində olan ərazilər vergidən azad olublar. 1870-ci ildə isə ziyarətgaha görə bütün kənd Çar Rusiyası tərəfindən vergidən azad edilib.

Arxivdəki sənədlərdə məqbərənin yerləşdiyi yerdən ticarət karvanlarının yolunun keçməsi də yazılıb. Burada, həmçinin xanəgah, istirahət yeri, karvansara və yardımçı binaların olması da bildirilir. Hal-hazırda pirin ümumi sahəsi iki hektara yaxındır. Türbənin bir günbəzi var və üzərində dəmir aypara rəmzi quraşdırılıb.

Lerik rayonu Babagil piri ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı-2010.
  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları. Bakı-2005.
  3. www.mct.gov.az

Lerik rayonu Babagil (Bobogil) piri Lerik rayonu Babagil (Bobogil) piri Lerik rayonu Babagil (Bobogil) piri Lerik rayonu Babagil (Bobogil) piri Lerik rayonu Babagil (Bobogil) piri Lerik rayonu Babagil (Bobogil) piri Lerik rayonu Babagil (Bobogil) piri