Pir Naxçıvan Muxtar Respublikasında, Ordubad rayonunun Düylün kəndində yerləşir. Ocağın tarixi IX əsrə aid edilir. Deyilənə görə, burada yeddinci İmam Həzrəti Museyi-Kazimin (ə.s) oğlu Seyyid Səffan (Səfi) dəfn olunub.
Rəvayətlərə görə, İmam Musanın (ə.s) şəhadətindən sonra övladlarının bəzisi Azərbaycana köçərək, burada məskunlaşıblar. Bu səbəbdən Azərbaycandakı İmamzadə ziyarətgahlarında dəfn olunanların əksəriyyəti Həzrəti Kazimin övladlarıdır.
Pirin binası daşdan tikilib və dördkünc formaya malikdir. Ziyarətgahın bir günbəzi və qoşa minarəsi var. Minarələr ikimərtəbəli eyvandan ibarətdir.
İmamın oğlu Seyyid Səffanın Düylün kəndində dəfnindən sonra onun məzarı ətrafında qəbiristanlıq salınıb. Pirdə, həmçinin sənduqə, daş qoç,qoyun heykəli və qəbirüstü xatirə abidələri var. Lakin onların bir hissəsi məhv olub və yalnız kiçik hissəsi salamat qalıb.
2005-ci ildə pirdə təmir-bərpa işləri aparılıb.
Mənbələr:
- Fəxrəddin Səfərli. Naxçıvan imamzadələri. Naxçıvan-2018.
- Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı-2010.