Misirin əl-Əzhər Universitetinin rəhbəri Əhməd ət-Tayyib şiə lideri Ayətullah Seyyid Əli Sistani ilə görüşəcək. Görüşün noyabr ayının əvvəli baş tutacağı qeyd olunub. Bu barədə oktyabrın 19-u middleeastmonitor.com xəbər verib.
İraqa səfər çərçivəsində ət-Tayyibin Nəcəf və Kərbəla ziyarətgahlarına baş çəkəcəyi də bildirilib. Ət-Tayyibin, həmçinin Bağdad, Mosul və Ərbil şəhərlərinə səfər edəcəyi qeyd edilib.
İraqın Kaldey kilsəsinin Patriarxı Kardinal Lui Sako bu görüşün müsəlmanlar arasında sülhün artmasına yardım edəcəyini qeyd edib. O, bildirib ki, bu həm də müsəlmanlar və xristianlar arasında birgə yaşayışı da gücləndirəcək. “Hesab edirəm ki, bu səfər Roma Papası Fransiskin ötən ilin martında İraqa səfərinin bəhrəsidir”, – deyə Sako bildirib.
Şeyx Əhməd ət-Tayyib Misirin ən böyük təhsil ocaqlarından sayılan əl-Əzhər universitetinin ali dini rəhbəridir. İraq höküməti 2003-cü ildən Əhməd ət-Tayyibi ölkəyə dəvət edir. 2010-cu ildə isə ölkədə şiələr və sünnilər arasında əlaqələrin güclənməsi üçün ət-Tayyib İraqa səfər edəcəyini bildirib. Lakin bu səfər baş tutmayıb.