Pir Naxçıvan Muxtar Respublikasında, Ordubad rayonunun Xanağa kəndində yerləşir. Ziyarətgahın tarixi XIV əsrə aid edilir. Burada 1307-1308-ci illərdə Seyyid Həmidin oğlu Seyyid Tahir və Şeyx İslam adlı şəxslər dəfn edilib.
Ziyarətgahın binasında iki kitabə var. Pirin giriş qapısı ilə üzbəüz olan divardakı kitabədə ərəbcə yazılıb: “Hamınız tələsin deməyə – Allahda olduğundan savayı qüdrət və qüvvə yoxdur”. Bu yazıdan sonra Quranın ər-Rəhman surəsinin 26-27-ci ayələri həkk olunub. Sonda isə yazılıb: “Bu qəbir Seyyid Həmidin oğlu Seyyid Tahirindir. 707-ci il (1307-1308)”.
Ziyarətgahın ikinci kitabəsində isə deyilir: “Ey bütün qəriblərin dostu! Bu bağ (məzar) Şeyx Nurəddinin oğlu rəhmətlik, bağışlanmış, xoşbəxt şəhid, 1010-cu ildə (1601-1602) Allah rəhmətinə çatmış, şeyxlər nəslindən (olan) Şeyx İslamındır”.
Şeyx İslamın tanınmış Şeyx nəslindən olması, öldürülməsi, kəndin adı və sufilik əqidəsinin əsasını təşkil edən ər-Rəhman surəsinin 26-27-ci ayələri buranın əvvəllər xanəgah olmasını bildirir.
Mənbələr:
- Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları. Bakı-2005.