Oktyabrın 19-u din xadimi Hacı İlqar İbrahimoğlu saxlanılıb. Şahid qismində ifadə verdikdən sonra ruhani sərbəst buraxılıb. Bu barədə deyerler.org xəbər verib.
İlqar İbrahimoğlu saxlanılması barədə öz facebook səhifəsində videomüraciət edib. Müraciətdə dünən hüquq mühafizə orqanları əməkdaşlarının onun evinə gəldiyi bildirilib. Bu zaman Hacı İlqar evdə olmayıb, lakin məsələdən xəbər alan kimi evə yollandığını qeyd edib.
Gecə saatlarında İlqar İbrahimoğlu bir daha videomüraciətlə çıxış edib. Din xadiminin sözlərinə görə, o, şahid qismində dindirilib və sərbəst buraxılıb. Hacı İlqarın verdiyi ifadənin mövzusu barədə dəqiq məlumat verilməyib.
Ruhani insanlardan onunla bir neçə gün əlaqə saxlamamağı da xahiş edib. “Telefona əlçatımım olmadığı üçün bir neçə gün mənimlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlamayın”, – deyə Hacı İlqar bildirib.
Bundan əvvəl İlqar İbrahimoğlu polis tərəfindən 16 mart 2017-ci ildə saxlanılıb. Saxlanılmanın səbəbi isə onun ruhani Sərdar Hacıhəsənlinin məhkəməsini izləmək üçün gəlməsi olub. Hadisədən bir neçə saat sonra Hacı İlqar sərbəst buraxılıb.