Oktyabrın 19-u Azərbaycanın bir sıra din xadimləri və maide.az saytının redaktorları DTX tərəfindən saxlanılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Verilən məlumata görə, Qədir Məmmədov və Cəlal Şəfiyev sərbəst buraxılıblar. Saxlanılan digər şəxslər barədə dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı sosial şəbəkələrdə ruhani Cəlal Şəfiyevin videomüraciəti yayılıb. Müraciətdə bildirilir ki, dünən saat 16:00 radələrində din xadimləri Cəlal Şəfiyev, Qədir Məmmədov və Şeyx Sərdar Hacıhəsənli DTX tərəfindən saxlanılıblar. Onlarla birlikdə maidde.az saytının baş redaktoru Təmkin Cəfərovun və Əli Musayevin də saxlanıldığı qeyd olunub.
Cəlal Şəfiyevin sözlərinə görə, ruhanilərin saxlanılma səbəbi onların İranda dini təhsil almasıdır. “Bizim heç bir günahımız yoxdur, biz hər hansı bir cinayətin nə iştirakçısıyıq, nə tərkib hissəsiyik. Biz sadəcə İranda dini təhsil almışıq”, – Cəlal Şəfiyev deyib.
Din xadimi onu da bildirib ki, heç kim onunla əlaqə saxlamağa çalışmasın. Buna səbəb isə mobil telefonların hal-hazırda onun üzərində olmamasıdır.Oktyabrın 19-u din xadimi, deyerler.org saytının baş redaktoru Hacı İlqar İbrahimoğlu saxlanılıb. Gecə saatlarında isə ruhani sərbəst buraxılması haqda məlumat verib.