Bugün, rabiul-əvvəl ayının 12-si (19 oktyabr) namazın insanlara vacib olduğu gündür.
Rəvayətlərə görə, Məhəmməd Peyğəmbər (s) meracda olarkən Allah onun ümmətinə namazı vacib edib. Bəzi alimlərin nəzərinə əsasən, merac bir neçə dəfə baş verib və namaz məhz bu gecələrin birində vacib olub.
Namaz İslam dininin beş sütunundan biri hesab edilir. Məhəmməd Peyğəmbər (s) buyurub: “Namaz dinin sütunudur”. Həddi-büluğ yaşına çatmış insan üçün Həcc, oruc, zəkat və xums vacib olduğu kimi namaz da vacib sayılır. Bu ibadətin vacibliyi müqəddəs Quran kitabında da təsdiqlənib. “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin” (Bəqərə surasə 43-cü ayə).
Namaz gündə 17 rükət olmaqla beş dəfə qılınır. Vacib namazdan əvvəl məscid və ibadətgahlarda azan oxunur. Namaz həm fərdi, həm də camaatla qılına bilər. İbadətə durarkən insan pak, dəstəmazlı və qüsullu olmalıdır.