Taliban Əfqanıstandakı şiə məscidlərinin mühafizəsini öz üzərinə götürdü. Bu barədə oktyabrın 17-si elbalad.news xəbər verib.
Verilən xəbərə görə, yeni qurulmuş Taliban hökümətinin xarici işlər naziri Əmirxan Müttəki ölkədə şiə məscidlərində törədilən partlayışlarla bağlı çıxış edib. Nazir qeyd edib ki, Taliban ölkədəki həm şiə, həm sünni məscidlərini İŞİD-in hücumlarından müdafiə edəcək. Müttəki artıq bununla əlaqədar müvafiq işlərin görülməsini vurğulayıb. O, Əfqanıstandakı məscidlərin təhlükəsizliyinin təmin edilməsinin asan məsələ olmadığını bildirib.
Son günlər Əfqanıstanda iki şiə məscidi partladılıb. Oktyabrın 8-i ölkənin Kunduz şəhərindəki, oktyabrın 15-i isə Qəndəhar şəhəindəki şiə məscidində partlayış baş verib. Hər iki hadisə cümə namazının vaxtına təsadüf edib. Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.