Pir Bakının Maştağa qəsəbəsində, Mirzə Ələkbər Sabir küçəsi 14-də yerləşir. Burada “Aqil baba” adı ilə tanınan seyid Aqilin və onun üç qardaşının məzarları yerləşir. Pirin inşası 1990-cı ildə Hacı Seyyid Muxtar Hacı Seyyid Əli oğlu tərəfindən başlayıb və 2002-ci ildə oğlu Seyyid Əkbər tərəfindən başa çatdırılıb. 1719-cu ildə seyid Aqilin qardaşı nəvəsi onun qəbri üstündə türbə inşa edib. Bu haqda türbənin üzərindəki kitabədə qeyd olunub: “Bu yeni məqbərə ariflərin başçısı seyid Kamil seyid Mir Raid oğlunundur. Allah rəhmətinə getmişdir. Seyid Pənah İbn seyid Şahmar İbn Seyid Murad tərəfindən rəbi-əs-sani ayında, 1131-ci ildə (1719) tikilmişdir”. Aqil baba, həmçinin Seyid Mirkamil kimi tanınır.

Türbə yonulmuş daşlardan tikilib və düzbucaqlı formaya malikdir. Deyilənə görə, türbənin günbəzi Hacı seyid Muxtar ağa tərəfindən inşa edilib. O rəhmətə getdikdə isə tikinti işlərini onun oğlu Mirəkbər ağa davam etdirib.

Seyid Mirkamil Azərbaycana XVII əsrdə Ərəbistandan köçüb və Maştağa kəndində məskunlaşıb. Onun böyük kəramət sahibi olduğu bildirilir. Vəfatından sonra Mirkamil ağa Maştağada dəfn edilib və onun məzarı ziyarətgaha çevrilib. Deyilənə görə o, 125 il ömür sürüb.

Rəvayətlərə görə, səfəvi hökmdarı I Şah Abbas Maştağa kəndinə səfər zamanı yerli əhalidən İmam Hüseynin (ə.s) nəslindən olan seyid Mirkamil ağa haqqında eşidir. Şah dərviş libasında seyidin evinə yollanaraq onu sınamaq fikrinə gəlir. Şah yayın istisində Mirkamil ağanın ot təmizlədiyini görür və yanına gələrək onunla salamlaşır. Seyid Mirkamil ona buyurur: “Xoş gəlmisən şahım”. Şah Abbas seyidin onun tanımasına təəcüblənir və deyir: “Belə kəramətlisənsə niyə otları bir dua ilə təmizləmirsən?”. Bu zaman Mirkamil ağa dua oxuyur və ləkdə olan otlar kənara tökülür. Sonra təkrarən dua oxuduqda hər şey əvvəlki vəziyyətinə qayıdır. Bu zaman Mirkamil ağa şaha deyir: “Öz zəhmətimi çəkməliyəm”. Bu hadisədən sonra şah Abbas Mirkamil ağanı özü ilə götürmək istəsədə seyid razılıq verməyib.

Mənbələr:

  1. SABUNÇU RAYON Icra Hakimiyyəti (sabunchu-ih.gov.az)
  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları. Bakı-2005.
  3. https://kataloq.gomap.az