Məscid Lənkəran rayonunun Şovu kəndi ərazisində yerləşir. İbadət evi 1986-2006-cı illərdə inşa edilib. İbadət evi kənd əhalisinin köməyi ilə yerli ustalar tərəfindən tikilib. Məscidin tikilməsinin təşəbbüskarları İmran Məmmədov və Malik Nəzərov adlı şəxslər olub.
İbadət evi mişar daşından inşa edilib. İbadətgahın damı kiramitlə örtülüb. Məscidin ön tərəfində tağvari iki qapı və iki pəncərə, yan tərəfində isə iki pəncərə var. Giriş qapıların üstündə yağışdan qorunmaq üçün dəmir dirəklər üzərində dam qurulub. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadət evinin dördpilləli minbəri, mehrabı və günbəzi var.
Kənddə əvvəllər məscid olmamışdır, yerli əhali isə məhərrəm aylarında ziyarət üçün yaxın qonşu kəndlərdə olan məscid, ocaq və ziyarətgahlara üz tutmuşdular. Məscidin tikilməsinə səbəb qış aylarında qonşu kəndlərə ziyarət və ya ibadət üçün getməyin çətin olması idi.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.