Oktyabrın 15-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanda dini radikalizmdən danışıb. Bu barədə qurumun saytında məlumat verilib.
Sədr bildirib ki, ölkədə radikal və ekstremist qrupların hər hansı bir hərəkəti mümkünsüzdür. O bununla mübarizə istiqamətində kifayət qədər işlərin aparıldığını qeyd edib.
“Kimsə hesab edirsə, din adı altında Azərbaycanın ictimai-siyasi quruluşuna və ya ictimai asayişini pozmaq üçün o qrupların adı ilə nəisə edə bilər, çox yanlışlığa yol verir”, – deyə Mübariz Qurbanlı bildirib.
DQİDK sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdəki məscidlərdən də danışıb. O, Şuşa məscidini xüsusilə qeyd edib. Mübariz Qurbanlı deyib ki, yalnız Şuşada bir məscid təmir edilib. Həmin məsciddə qeyri-qanuni olaraq İranın dəstəyi ilə təmir işləri aparılıb və ibadətgahın zahiri görkəmi dəyişdirilib. Sədrin sözlərinə görə, sonralar bu məscid fars məscidi kimi təqdim olunub. Bununla da DQİDK rəsmisi İranın Azərbaycana olan mənfi rolunun sübuta yetməsini qeyd edib.
2019-cu ilin oktyabrın 14-də Şuşada Gövhər Ağa məscidinin təmir-bərpasından sonra açılış mərasimi keçirilib. Məscidin təmir işlərini İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Layihə erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın yardımı ilə maliyyələşdirilib.