Bugün, rabiul-əvvəl ayının 9-u (16 oktyabr) Ayətullah əl-üzma Seyyid Əli Sistaninin mövludu günüdür. Alimin hicri-qəməri təqvimi ilə bugün 94 yaşı tamam olub.

Seyyid Əli Sistani hicrətin 1349-cu ilində (1930) İranın Məşhəd şəhərində dünyaya gəlib. İbtidai dini təhsilini mühəqqiq Mirzə Mehdi İsfahanidən alıb. Öyrəndiyi üsul, fiqh və əqli elmləri təkmilləşdirmək üçün 1368-ci ildə (1949) Seyyid Əli İranın Qum şəhərinə köçüb. O orada hədis və rical elmlərini Seyyid Hüseyn Burucerdidən öyrənib.

1371-ci ildə (1952) Əli Sistani İraqın Nəcəf şəhərinə köçüb. Nəcəf hövzəsində o, Ayətullah əl-üzma Seyyid Xoyi və o vaxtkı hövzə rəhbəri Ayətullah əl-üzma Seyyid Həkimdən dərs alıb. Üsul elmi üzrə dərslərini isə Ayətullah əl-üzma Hüseyn Hillidən öyrənib.

Seyyid Sistani ustadı Seyyid Xoyidən yazılı şəkildə ictihad icazəsi alan nadir şəxslərdən biridir. 1380-ci ildə isə (1961) Ayətullah Hilli də Əli Sistaninin ictihadını yazılı olaraq təsdiq edib. Artıq 35 yaşında olan Seyyid Əli ictihad səviyyəsində dərs deməyə başlayıb.

“Ayətullah əl-üzma” elmi dərəcəsinə yüksəlmiş Seyyid Əli miladi təqvimi ilə 2014-cü ildə Nobel mükafatına namizəd göstərilib. O bu mükafata İraqda əhli-sünnə və şiələr arasında sülh yaratmağa görə layiq hesab edilib.

Bugün Ayətullah əl-üzma Seyyid Əli Sistani dünyaca məşhur bir şəxsiyyətdir. 2021-ci ildə Roma Papası Fransisk onunla görüşmək üçün Nəcəfə səfər edib.