Rusiyanın paytaxtı Moskvada İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə həsr olunmuş tədbir keçirilib. Bu barədə oktyabrın 15-i AZƏRTAC xəbər verib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak ediblər. Məclis İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin anılması və Quran tilavəti ilə başlanıb.

Polad Bülbüloğlu qeyd edib ki, bu, Allahşükür Paşazadənin İkinci Qarabağ müharibəsindən sonra Rusiyaya ilk səfəridir. Buna görə də Şeyxülislamın Rusiyadakı dini icmaların rəhbərləri ilə görüşü əlamətdardır.

QMİ sədri Azərbaycan oğullarının vətənləri xatirinə canlarından keçməyə hazır olduqlarını qeyd edib. Qurani-Kərimdə buyurulub ki, əgər insan Allaha tərəf bir addım atarsa, torpağını, ailəsini qoruyarsa, Allah-Təala ona tezliklə fəth, qələbə nəsib edəcək”, – deyə Allahşükür Paşazadə bildirib. O, həmçinin müharibə zamanı Azərbaycan ordusunda xristian və yəhudilərin də olduğunu xatırladıb.

Üçtərəfli görüşdə erməni katolikosla danışanda mən qalib olduğumu hiss etdim, II Qaregin isə məğlub idi. O da bunu hiss etdi. Mən çox sevinirəm bu gün Rusiyadakı Azərbaycan diasporu ilə qalib xalqın şeyxülislamı kimi görüşürəm. Bundan fərəh hissi duyuram”, – Paşazadə deyib.

11 oktyabr tarixində Allahşükür Paşazadə Rusiyaya səfər edib. 13 oktyabr tarixində isə Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşü baş tutub.