Bugün, rabiul-əvvəl ayının 8-i (oktyabrın 15-i) İmam Mehdinin (ə.f) imamətinin başladığı gündür. İmam Mehdi İmam Həsən Əskərinin (ə.s) yeganə oğludur və məsum İmamların on ikincisidir. Həzrətin adı Məhəmməd, künyəsi Əbülqasim, ləqəbi Mehdi, Sahib əz-Zaman, Qaim, Bəqiyyətullah və Huccətdir.

İmam Mehdi (ə.f) hicrətin 255-ci ilində dünyaya gəlib. Hicrətin 260-cı ilində rabiul-əvvəl ayının 8-də İmam Həsən Əskərinin (ə.s) şəhadətindən sonra İmam Mehdinin (ə.f.) imaməti başlayıb. O zaman Həzrətin beş yaşı var idi. Kiçik qeyb də həmin zamanda başlayır və 329-cu ilə qədər davam edir. 329-cu ildə İmamın böyük qeybi başlayır və bugünə qədər davam edir.

Peyğəmbər (s) buyurub: “Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq”. (Kənzul-Ummal, hədis 38691)