Bugün, rabiul-əvvəl ayının 8-i (15 oktyabr) İmam Həsən Əskərinin (ə.s) şəhadətinin ildönümüdür. Həzrəti Əskəri (ə.s) məsum İmamların on birincisidir. Atası İmam Əliyyən-Nəqi əl-Hadi (ə.s), anası xanım Hadisədir. İmamın adı Həsən, ləqəbləri Əskəri, Rəfiq, Zəki, Hadi, Sirac, Samit, Mövla, Xalis, künyəsi isə Əbu Məhəmməddir.

İmam Həsən (ə.s) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya gəlib və 28 il ömür sürüb. Həzrəti Əskəri İmamlıq zirvəsinə hicrətin 254-cü ilində atası İmam Hadinin (ə.s) şəhadətindən sonra çatıb. İmam yaşadığı Samirra şəhərində tanınmış şəxsiyyətlərdən biri olub.

Həzrətin (ə.s) dövründə Abbasi xəlifələrinin İmamlara qarşı təzyiqi son həddə çatmışdır. Buna baxmayaraq İmam siyasi-ictimai fəaliyyətini dayandırmamış və şiə təriqətinin qorunması yolunda mühüm rol oynamışdır.

İmam Həsən Əskəri (ə.s) hicrətin 260-cı ilinin rəbiul-əvvəl ayının 8-i Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhadətə çatıb. İmam İraqın Samirra şəhərində dəfn olunub. Bugün Həzrətin məzarı şiələrin ziyarət yerlərindən birinə çevrilib.