Oktyabrın 14 Qırğızıstanın azərbaycanlı idmançısı Rafael Fiziyev əqidəsinə görə təzyiqlərə məruz qalması barədə çıxış edib. Çıxışın videosu idmançının rəsmi instagram səhifəsində paylaşılıb.

Fiziyev öz instagram səhifəsində KərbəlaNəcəf şəhərlərində keçirilən əzadarlıq videolarını paylaşıb. O bu məkanların müqəddəsliyini və oranın ziyarət üçün məsləhət gördüyünü qeyd edib. Lakin idmançının bu paylaşımı Qırğızıstanın keçmiş müftisi Maksatbek Toktomuşovun tənqidinə səbəb olub.

Müftinin sözlərinə görə, Fiziyev Qırğızıstanın qüruru sayılır, amma o, idman və siyasəti bir araya qatmamalıdır. Toktomuşov Orta Asiyanın əhli-sünnə məzhəbinə aid olmasını qeyd edib. “Belə çağırışlar etmək olmaz. Bu, dinlərarası qarşıdurmaya səbəb ola bilər”, – deyə müfti bildirib.

Bu səbəbdən Rafael Fiziyev Qırğızıstanı tərk edəcəyini açıqlayıb. “Mən və ailəm təzyiqə məruz qalırıq. Bu səbəbdən biz Qırğızıstandan köçməyi planlaşdırırıq. Artıq məni bu ölkə ilə pasportdan başqa heçnə bağlamır”, – idmançı bildirib.

Rafael Fiziyev Qırğızıstanın əslən azərbaycanlı olan UFC döyüşçüsüdür. O, 1993-cü ildə Qırğızıstanda anadan olub. Gənc yaşlarından Muay tay döyüş idman növü ilə məşğul olmağa başlayıb. Fiziyevin peşəkar karyerasında 8 qələbəsi və 1 məğlubiyyəti olub.