Məscid Astara rayonunun Səncərədi kəndində, Həzi Aslanov küçəsində yerləşir. İbadət evi 1990-cı ildə yerli əhali tərəfindən inşa olunub.
İbadətgahda eyni anda 180 nəfər ibadət edə bilər. Məscid düzbucaqlı formadadır və daşdan tikilib. İbadət evinin tavanı taxta və fanerlə işlənib, damı isə kirəmitlə örtülüb. Tavan dörd sütun üzərində dayanıb. Məscidin iki giriş qapısı var və onların qarşılarına pilləkənlər salınıb. İbadət evinin zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadətgahın minbəri ikipilləlidir və kərpicdən tikilib. Məscidin günbəzi düzbucaqlı formadadır və hündürlüyü 2,5 metr təşkil edir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az