Cümə məscidi Astara rayonunun Kakalos kəndinin ərazisində yerləşir. Aqşin Mistanlının “Cənub bölgəsinin abidələr ensiklopediyası” kitabında ibadətgahın 1907-ci ildə tikildiyi deyilir. Lakin “Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası” kitabında ibadət evinin XIX əsrdə inşa olunduğu qeyd olunur.
Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın tutumu 200 nəfərdir. İbadət evinin tağvari formada beş pəncərəsi və dörd qapısı var. İbadət zalının tavanı taxtadan düzəldilib. Məscidin dördguşəli günbəzi var. İbadətgah iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir.
Sovet dövründə məscid anbar kimi istifadə olunub.
Kakalos məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://www.youtube.com
- http://www.mct.gov.az