Məscid Bakı şəhərinin Mərdəkan qəsəbəsində, Hicran Hasilov küçəsi 35-də yerləşir. İbadət evi 1893-cü ildə Heydər Almazzadə adlı yerli sakin tərəfindən inşa edilib.

İbadətgah yonulmuş sal daşlardan tikilib. Məscidin dörd sütun üzərində dayanan bir günbəzi var. Günbəzin diametri üç metrdir. İbadət evinin günbəzədək hündürlüyü 25 metrdir. Məscidin ibadət zalında 1993-cü ildə hazırlanmış minbər yerləşir.

Heydər Cümə məscidi 1937-ci ildən etibarən kolxoz anbarı, sonralar isə qaz idarəsi kimi istifadə olunub. 1991-ci ildə isə qəsəbə sakinlərinin təşəbbüsü ilə ibadətgahda təmir-bərpa işləri aparılıb və məscidin fəaliyyəti bərpa edilib.

31 dekabr 2013-cü il tarixində Heydər Əliyev Fondu tərəfindən məsciddə yenidənqurma işləri görülüb. İbadət evində minarə ucaldılıb və ikinci mərtəbə inşa olunub. Məsciddə eyni anda 130 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. İbadətgahın nəzdində mədrəsə, iki dəstəmazxana, kitabxana, 180 nəfərlik mərasim zalı və əlavə otaqlar tikilib.

Mərdəkan Heydər Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2020.
  2. http://www.dqdk.gov.az
  3. http://www.mct.gov.az
  4. https://www.youtube.com