Məscid Lənkəran rayonunun Horavenc kəndinin Ambo adlı ərazisində yerləşir. İbadətgah 2002-2003-cü illərdə tikilib. Məscid kənd sakini Kərbəlayı Qənbər Kazım oğlu tərəfindən inşa olunub.

İbadət evi kərpicdən beş mişar daşının üzərində tikilib. İbadətgahın içərisində taxtadan iki hündür dirək var. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfində yarımdairəvi formada taxtadan iki enli pəncərə, ümumilikdə isə ibadətgahın altı pəncərəsi mövcuddur. İbadət evinin damında azan vermək üçün dördkünc və dəmirdən olan mehrabı var.

Məscid iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi. İbadətgahın yarımdairəvi formada taxtadan iki qapısı mövcuddur. Sol tərəfdəki qapı qadınların, sağ tərəfdə olan qapı isə kişilərin girişi üçün nəzərdə tutulub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.