Məscid Lənkəran rayonunun Gərmətük qəsəbəsində, isa Məmməd küçəsində yerləşir. İbadət evinin inşa tarixi 1830-cu ilə aid edilir. İbadətgah kənd sakini Ağahüseyn Məmmədhüseyn oğlu tərəfindən inşa edilib. O, 1916-cı ildə vəfat edib və vəsiyyətinə görə, məscidin sol tərəfindəki pilləkənin altında dəfn edilib.

Məscidin sağ pilləkəninin altında bir məzar var. Burada Kərbəlayı İbad Lütfü oğlu adlı, 1932-ci ildə vəfat etmiş bir şəxs dəfn olunub.

İbadət evi qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadandır, damı isə qırmızı kirəmitlə örtülüb. Tavan beş taxta sütun üzərində dayanır. Məscidin güldəstə formasında olan günbəzi dördguşəlidir. İbadətgahın üç taxta qapısı var. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir.

Məscid 1934-1980-ci illərdə zavod, kazarma, anbar və kitabxana kimi istifadə olunub.

Gərmətük qəsəbə məscidi yerli əhəmiyyətli abidə hesab olunur.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.mct.gov.az