Məscid Lənkəran rayonunun Gəgiran kəndi ərazisində, yolun kənarında yerləşir. İbadət evi 1914-cü ildə inşa edilib. Həmçinin məscidin sol qapısında olan lovhədə ibadət evinin XX əsrə aid edildiyi qeyd edilir. İbadətgah Kərbəlayı Mirzəhəsənin təşəbbbüsü ilə inşa edilib.

Məscid düzbucaqlı formadadır və kərpicdən hörülüb. İbadətgahın damı şiferdən örtülüb. İbadət evinin dörd göy rəngdə pəncərəsi və iki ağ taxta qapısı var. İbadətgahın damında dördkünc mehrab var.

Əvvəllər bu məscidin yerində köhnə məscid var idi. Köhnə məscidin inşa tarixi XIX əsrə aid edilir. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə bu məscid haqda qeyd olunmuşdur. Lakin bu məscid yararsız vəziyyətə düşdüyündən, yeni ibadət evi tikilib.

Gəgiran kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://www.mct.gov.az