Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli baş verən son hadisələr bəradə danışıb. Bu haqda oktyabrın 12-si Hacı Şahinin qafqazinfo-ya verdiyi müsahibəsində bildirilib.
Şahin Həsənli deyib ki, onun son zamanlar Azərbaycan və İran arasındakı münasibətlərin gərginləşməsinə rəy bildirmək fikri yox idi. Lakin o, xalqın gözləntisini qarşılamaq məqsədilə fikir bildirmək qərarına gəlib. Hacı Şahin bu məsələlərə bir din xadimi kimi münasibət bildirməyi tərciə edib və ayrı-ayrı bəyanatlara cavab verməyi vətənpərvərlik hesab etmədiyini bildirib. QMİ nümayəndəsi bu tip halların xarici qüvvələr tərəfindən şişirdilərək insanlara təqdim olunmasını qeyd edib.
İranlı din xadimlərinin çıxışları barədə Hacı Şahin qeyd edib ki, din xadimi təhdidlə danışmamalı və barışdırıcı mövqe saxlamalıdır. Azərbaycan ərazisində yük maşınlarının qanunsuz hərəkətini isə QMİ rəsmisi tənqid edib. “Bu Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Dini-nöqteyi nəzərdən də ora icazəsiz getmək yolverilməzdir”, – deyə din xadimi bildirib.
Son zamanlar sosial şəbəkə istifadəçiləri şiəliyi İranla əlaqələndirirlər. Bu barədə Şahin Həsənli deyib ki, Azərbaycan xalqının Əhli Beytə (ə.s) bağlılığının İranla heç bir əlaqəsi yoxdur. “Biz daha öncədən Peyğəmbər ailəsinə sevgi-sayğı ilə seçilən bir millət olmuşuq”, – din xadimi qeyd edib.
Onun sözlərinə görə, İranlı alimlərə təqlid mövzusu cəmiyyətə təhlükə kimi təqdim olunur. Lakin təqlid yalnız şəriət məsələsidir. Hacı Şahin hər bir ölkənin öz İslam modelini yaratmağa çalışmasını bildirib. Lakin o, İslamın universal olduğunu və hansısa ölkənin digər bir ölkəyə öz modelini yeritməyi qəbul olunmaz hesab edir.
Son zamanlar Azərbaycan və İran arasında əlaqələr gərginləşib. İran iki ölkə sərhədində üçüncü qüvvələrin olmasında Azərbaycanı ittiham edib. Ərdəbilin İmam Cüməsi Seyyid Amilinin etdiyi çıxış isə sosial şəbəkələrdə tənqidə səbəb olub.