Bugün, rabiul-əvvəl ayının 5-i (12 oktyabr) xanım Səkinənin (s.ə) vəfatının ildönümüdür. Həzrəti Səkinə (s.ə) İmam Hüseynin (ə.s) və xanım Rübabın qızıdır. Tarixdə qeyd olunub ki, xanımın adı Aminə, Əmniyyə və Amənədir, Səkinə isə onun ləqəbidir.

Həzrəti Səkinənin (s.ə) dəqiq doğum tarixi məlum deyil, lakin rəvayətlərdə Kərbəla döyüşü zamanı onun 10-13 yaşı olduğu qeyd olunub. Buna əsasən, onun doğum tarixi hicrətin 47-50 illərinə aid etmək olar.

Aşura günü İmam Hüseyn (ə.s) qadınlar və uşaqlar ilə vidalaşırdı. Bu zaman xanım Səkinə (s.ə) gözyaşı içində xeymənin küncünə çəkildi. Həzrəti Hüseyn (ə.s) bunu görüncə onun yanına yaxınlaşdı və qucaqlayaraq dedi: “Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələki, bədənimdə can var, ayrılığımız kədər və göz yaşları ilə olmasın!”.

Xanım Səkinə (s.ə) hicrətin 117-ci ilində 67-70 yaşında Mədinədə, başqa rəvayətlərə görə, Məkkədə, bəzi tarixçilərin sözlərinə görə isə Dəməşq şəhərində vəfat edib.