Ayətullah əl-üzma Seyyid Əli Sistani Əfqanıstanda törədilən partlayışı tənqid edib. Bu barədə oktyabrın 10-u İQNA xəbər verib.

Baş verən hadisə ilə bağlı Seyyid Əli Sistaninin ofisi bəyanat yayıb. Alim Əfqanıstan xalqına müraciət edərək partlayış zamanı ölənlərə rəhmət, yaralılara isə şəfa diləyib.  O, bugün Əfqanıstan millətinin radikal qüvvələrin hücumu altında olduğunu qeyd edib. Seyyid Sistani Əfqanıstan xalqını milli birliyə, zülmdən və cinayətdən qorunmaq üçün yol tapmağa səsləyib. Alim oxşar hadisələrin təkrarlanmaması üçün məscid və toplantılarda lazımi tədbirlərin görülməsini tövsiyə edib.

Əfqanıstanın mərcei-təqlidi Ayətullah əl-üzma Məhəmməd Fəyyaz cinayətkarların cəzalanmasını tələb edib.

Oktyabrın 8-i Əfqanıstanın Kunduz şəhərindəki şiə məscidində cümə namazı vaxtı partlayış baş verib. Partlayış nəticəsində təxminən 100 nəfər həlak olub, 200 nəfər isə yaralanıb. İŞİD silahlı qruplaşması baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.