Məscid Bakının Pirşağı qəsəbəsində, Əjdər Məlikov küçəsi 73-də yerləşir. İbadət evinin inşa tarixi 1658-ci ilə aid edilir. İbadətgah Seyid Qədir adlı şəxs tərəfindən tikilib. Bu səbəbdən, buraya Seyid Qədir məscidi də deyirlər.

İbadət evi düzbucaqlı formadadır və onun ön tərəfində eyvan yerləşir. Məscidin günbəzi dörd tağ üzərində dayanıb. İbadət evi iki hissədən ibarətdir: kişi və qadın şöbələri. Qadınların ibadət zalı iki mərtəbəlidir. Məsciddə eyni anda 60 nəfər ibadət edə bilər. İbadətgahın minbəri taxtadan hazırlanıb və üzərində “1925”-ci il həkk olunub. İbadətgahın giriş qapısının sol tərəfində və dərs otağın qapısının üstündə iki kitabə var. Kitabənin birində “1908” il, digərində isə “1887” il tarixləri qeyd olunub.

Məscid 1908-ci ildə Paşa bəy Səfərəliyev tərəfindən təmir edilib. Sovet dövründə ibadətgah anbar kimi istifadə edilib.

2008-ci ildə Faiq və Ələkbər Tağızadə adlı qardaşlar tərəfindən ibadətgahda təmir-bərpa işləri aparılıb. Bərpa zamanı məsciddə minarə ucaldılıb. İbadət evinin tarixi görkəmini qorumaq üçün məscidin daxilində təmir işləri görülməyib.

Pirşağı qəsəbə Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://paralel.az/az
  3. http://sabunchu-ih.gov.az
  4. http://www.mct.gov.az