Oktyabrın 10-u bir sıra beynəlxalq təşkilatlar Əfqanıstan məscidində törədilən partlayışı qınayıblar.
BMT-nin Təhlükəsizlik Şurası Kunduz əyalətində baş verən cinayətin günahkarlarının cəzalandırılmasının vacibliyini bildirib. Şura, həmçinin bu işi maliyyələşdirərək dəstəkləyənlərin də məsuliyyətə cəlb olunmasının zəruri olduğunu qeyd edib.
Şiələrin Hüquqlarının İzləmə Təşkilatı hadisəni şiələrə qarşı soyqırım adlandırıb. Bildirilib ki, ölkənin yeni rəhbərliyi təyin olunduqdan etibarən yerli şiələrin təhlükəsizliyi zəifləyib. Bu səbəbdən terror qruplaşmaları istədiyi an müdafiəsiz insanları hədəfə ala bilərlər. Təşkilat beynəlxalq humanitar və insan haqları orqanlarını şiələrə qarşı törədilən cinayətləri qınamağa çağırıb.
Ümumdünya Əhli Beyt Assambleyasının baş katibi Ayətullah Rza Ramazani də Kunduz vilayətindəki vəhşiliyi törədənlərin tapılmasının və cəzalandırılmasının vacibliyini vurğulayıb.
Oktyabrın 8-i Əfqanıstanın Kunduz şəhərindəki şiə məscidində cümə namazı vaxtı partlayış baş verib. Partlayış nəticəsində təxminən 100 nəfər həlak olub, 200 nəfər isə yaralanıb. İŞİD silahlı qruplaşması baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.