Məscid Astara rayonunda, Maşxan kəndinin 20 yanvar küçəsində yerləşir. İbadət evi 1905-ci ildə tikilib. İbadətgahın inşa tarixi məscidin giriş qapısının sol tərəfində yerləşən lövhədə qeyd olunub.

Məscid qırmızı kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb. İbadətgahın daxili iki hissəyə ayrılıb: kişi və qadın şöbələrinə. Məsciddə eyni anda 153 nəfər ibadət edə bilər. İbadət evinin günbəz və minarəsi yoxdur. İbadət evinin tavanı taxtadandır və sütunlar üzərində dayanıb. İbadətgahın üç qapısı və yeddi pəncərəsi var. Pəncərələr şəbəkəlidir və tağvari formaya malikdir. İki əsas giriş qapılarına pilləkənlər çəkilib və üstlərində yağışdan qorunmaq üçün dam tikilib. Məscidin həyəti dəmir hasarla əhatə edilib. İbadət zalında minbər və mehrab yerləşir.

Astara rayonu Maşxan kənd İmam Hüseyn məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://gomap.az