Məscid Gəyəçöl kəndinin Aşağıbaş məhəlləsində yerləşir. İbadət evi 1990-cı ildə yerli əhali tərəfindən inşa olunub. Məscidin günbəzinin üzərinə hicri-qəməri təqvimi ilə inşa tarixi (1410) həkk olunub. İbadətgah, həmçinin İmam Hüseyn (ə.s) məscidi kimi tanınır.
Məscid düzbucaqlı formadadır və kərpicdən hörülüb. İbadət evinin damı yaşıl kirəmitlə örtülüb. Həyətyanı sahəsi hasarla əhatələnib. Hasarın üzərində dəmirdən “Allah, Məhəmməd, Əli” adları və Zülfüqar qılıncının rəmzi quraşdırılıb. İbadətgahın taxtadan düzəldilmiş iki qapısı və altı pəncərəsi var. Pəncərələr şəbəkələr ilə işlənib. Məscidin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi kişilər şöbəsindən taxta arakəsmə ilə ayırılıb.
Məscidin güldəstə formasında bir günbəzi var, minarəsi isə yoxdur. Günbəzin iki pəncərəsi var.
Masallı rayonu Gəyəçöl kənd məscidi yerli əhəmiyyətli abidədir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az
- https://gomap.az/