7 oktyabr tarixində Qazaxıstanın paytaxtında 20 ölkədən gələn dünya dinlərinin liderlərinin iclası keçirilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat verib.

Məlumata görə, Qazaxıstan Parlamenti Senatının sədri – Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev dünyada baş verən beynəlxalq münaqişələr mövzusuna da toxunub. O bildirib ki, qlobal dinlərarası dialoq beynəlxalq gündəlikdə nadir hadisədir. Qurultayının imkanlarından və potensialından səmərəli istifadəni davam etdirmək çox vacibdir. İclasda, həmçinin növbəti qurltaya hazırlıq məsələləri müzakirə olunub.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, COVID-19-un yayılacağını heçkim gözdəmirdi: “O vaxt biz hələ bilmirdik ki, yaxın gələcəkdə hansı fəlakətlərlə üzləşəcəyik”. Şeyxülislam yeni həyat şərtlərinə uyğunlaşmaq məcburiyyətində qaldığını, dövlət və din arasındakı əməkdaşlığın xüsusilə aktuallaşdığını qeyd edib. QMİ-nin sədri, həmçinin vurğulayıb ki, multikulturalizm və tolerantlıq siyasəti Azərbaycan üçün mühüm istiqamətlərindən biridir.

Dünya və ənənəvi din liderlərinin VII Qurultayının 2022-ci il sentyabrın 14-15-də Nur-Sultanda keçirilməsi qərara alınıb.

Dünya və Ənənəvi Din Liderlərinin Konqresi ilk dəfə 2003-cü ildə Qazaxıstanın paytaxtında Nursultan Nazarbayevin təşəbbüsü ilə keçirilib.