Məscid Masallı rayonunun Gəyəçöl kəndində, Məhəmməd Füzuli küçəsində yerləşir. İbadət evi 1989-cu ildə yerli əhali tərəfindən inşa olunub. İbadətgahın daxili divarının üzərində “1409” (hicri-qəməri) və “1989” (miladi) illəri həkk olunub.
Məscid düzbucaqlı formadadır və kərpicdən hörülüb. İbadət evinin damı qırmızı kirəmitlə örtülüb. Həyətyanı sahəsi hasarla əhatələnib. İbadətgahın taxtadan düzəldilmiş iki qapısı və altı pəncərəsi var. Məscidin ibadət zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi kişilər şöbəsindən taxta arakəsmə ilə ayırılıb. İbadətgahın minbəri beşpilləlidir və taxtadan düzəldilib.
Məscidin güldəstə formasında bir günbəzi var, minarəsi isə yoxdur. Günbəzin örtüyü ağ dəmir təbəqədəndir və üstündə aypara ilə beşguşəli ulduz rəmzi quraşdırılıb. Günbəzin iki pəncərəsi var və onların üstündə “1409” yazısı həkk olunub.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.